Xəbərlər

01 yanvar 2016-ci il tarixindən etibarən İran və Türkiyə ilə Azərbaycan Yaşıl Kart sistemi çərçivəsində fəaliyyətə başlayacaq

Azərbaycanda “Yaşıl Kart” sisteminin fəaliyyətə başlaması üçün İcbari Sığorta Bürosu tərəfindən müvafiq təkrarsığorta proqramı və bank zəmanəti Bürolar Şurasına təqdim edilmiş və növbəti mərhələ olaraq sistemə üzv olan 46 ölkənin Yaşıl Kart büroları ilə İSB arasında sənədlərin qarşılıqlı tanınmasına dair ikitərəfli sazişlərin bağlanması prosesinə başlanılmışdır. Hazırda Avropa İqtisadi Zonasına daxil olan ölkələrin 24-ü, ümumilikdə isə 36 ölkə həmin sazişləri imzalayaraq bir nüsxəsini İcbari Sığorta Bürosuna, digərini isə Bürolar Şurasına göndərmişdir. İcbari Sığorta Bürosu Azərbaycan Yaşıl Kartların rəsmiləşdirilməsi məqsədilə 3 (üç) formada blanklar hazırlamışdır. Birinci növ blanklar Yaşıl Kart sisteminə daxil olan bütün ölkələr, ikinci növ blanklar Türkiyə Respublikası və İran İslam Respublikası, üçüncü növ isə Rusiya Federativ Respublikası, Ukrayna, Belarus və Moldova Respublikaları üçün nəzərdə tutulub.

Qonşu ölkələrdən İran və Türkiyə ilə Azərbaycan arasında ikitərəfli sazişlərin qüvvəyə minmə tarixi müəyyən olduğu üçün  Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar 2016-cı ilin 01 yanvar tarixindən etibarən yalnız Türkiyə Respublikası və İran İslam Respublikasına münasibətdə Azərbaycan Yaşıl Kartlarını rəsmiləşdirə biləcəklər.

İcbari Sığorta Bürosunun Avropa İqtisadi Zonasına daxil olan ölkələrlə bağladığı sazişlərin qüvvəyə minmə tarixi isə Bürolar Şurasının qərarına əsasən 18 fevral 2016-ci il tarixdən sonra bildiriləcəkdir.

Xəbərlərə abunə ol