İcbari sığorta

Sığortalının və ya sığorta olunanın əmlakı, həyatı,sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.

Sığortaçı

Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və “İcbari Sığortalar haqqında”qanunda nəzərdə tutulmuş icbari sığorta növlərini aparmağa müvafiq icazə almış hüquqi şəxs sığortaçı hesab edilir.

Sığortalı

“İcbari sığortalar haqqında” qanunun icbari sığorta növlərinə uyğun olaraq , müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir.

Üçüncü şəxslər

Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, “İcbari sığortalar haqqında” qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar.

İcbari sığorta müqaviləsi

İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir.

İcbari sığorta şəhadətnaməsi

İcbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir.

İcbari sığorta məbləği

İcbari sığorta məbləği “İcbari sığortalar haqqında”qanuna əsasən sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir.

İcbari sığorta haqqı

Sığortaçıya nağd və ya nağdsız hеsablaşma yolu ilə “İcbari sığortalar haqqında” qanunda başqa cür nəzərdə tutulmuş hallar istisna olmaqla, birdəfəlik ödənilir.

İştirakçı

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının iştirakçı sığortaçıların reyestrinə daxil edilmiş sığortaçı;

Ödəmə qabiliyyəti

Öhdəliyi istənilən vaxt və tam həcmdə yerinə yetirmək imkanı;

Kompensasiya ödənişi

Əmlaka və sağlamlığa dəyən zərərə görə müvafiq icbari sığorta müqavilələri üzrə nəzərdə tutulmuş sığorta ödənişlərinin sığortaçılar tərəfindən həyata keçirilməsinin mümkün olmadığı müvafiq hallarda “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı tərəfindən verilən ödəniş;

Kompensasiya ödənişləri ehtiyatı

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının qanunvericilik və bu Nizamnamə ilə müəyyən edilən maliyyə mənbələri hesabına formalaşdırılan və müstəsna olaraq kompensasiya ödənişlərinin həyata keçirilməsi məqsədilə istifadə olunan pul vəsaitlərinin məcmusu;

İştirak haqqı

İcbari Sığorta Bürosu iştirakçısı olmaq istəyən müvafiq sığortaçının sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqına ödədiyi məbləğ;

Təminat depoziti

Kompensasiya ödənişləri ehtiyatlarının mənbələrindən biri kimi “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının iştirakçısı olmaq istəyən sığortaçının sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqına birdəfəlik olaraq ödədiyi məbləğ;

Təqvim haqqı

İştirakçının müvafiq icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının qanunverciliklə müəyyən edilmiş hissəsində mütəmadi olaraq “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqına ödədiyi və kompensasiya ödənişləri ehtiyatının əsasını formalaşdıran məbləğ;

Əlavə haqq

Kompensasiya ödənişlərinin verilməsi üçün “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının kompensasiya ödənişləri ehtiyatı kifayət etmədikdə, belə ödənişlər üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə İcbari Sığorta Bürosunun istifadə etdiyi öz vəsaitinin iştirakçılar tərəfindən kompensasiya edilməsi üçün onların qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hər bir konkret hal üçün sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilən həcmdə İcbari Sığorta Bürosuna ödədiyi məbləğ.