Tez-tez verilən suallar və cavablar:

 

Elektron sığorta müqaviləsi nədir?

“Elektron imza və elektron sənəd haqqında “ Azərbaycan Respublikasının Qanununa əsasən elektron sığorta müqaviləsi sığortaçının elektron imzası ilə təsdiq edilən və texniki və proqram vasitələrinin köməyi ilə yaradılan, saxlanılan, emal edilən, ötürülən, qəbul edilən sığorta müqaviləsidir.

Elektron sığorta müqaviləsi hansı qaydada bağlanılır?

Sığorta müqaviləsinin elektron qaydada bağlanılmasına keçməklə sığortaçı öz internet səhifəsində onlayn satışı təşkil edərsə vətəndaşlar birbaşa elektron sığorta müqaviləsini əldə edə biləcəklər. Həmçinin vətəndaşlar avtomobillərinin qeydiyyat şəhadətnaməsini və şəxsiyyət vəsiqəsində olan məlumatları seçdiyi sığorta şirkətinə və ya sığorta vasitəçisinə təqdim etməklə elektron sığorta müqaviləsini əldə edə bilərlər. Daha sonra bağlanılacaq sığorta müqaviləsi üzrə sığortalıya sığorta haqqının ödənilməsi üçün sığortalının müqavilədə göstərdiyi mobil telefon nömrəsinə 9707 qısa nömrəsindən ödəniş kodu qeyd olunmuş SMS daxil olur. Sığortalı elektron poçt ünvanını təqdim etdiyi halda SMS ilə bərabər ödəniş kodu məlumatı sığortalının elektron poçt ünvanına da göndərilir. Sms məlumat və elektron məktubda avtomobilin dövlət qeydiyyat nişanı və ödəniş kodu, həmçinin sığortaçının adı qeyd olunur. Sığorta haqqı ödənildikdən sonra sığortalı ödənişlə bağlı təsdiqləyici SMS alacaq və sığorta müqaviləsi dərhal qüvvəyə minəcək. Sığorta haqqı ödənilmədiyi təqdirdə sığorta müqaviləsi qüvvəyə minməyəcəkdir.

Elektron sığorta müqaviləsi üçün sığorta haqqı hansı qaydada ödənilir?

Elektron sığorta müqaviləsi üzrə sığorta haqqı bank, internet, poçt və ya bank ödəmə terminallarından ödənilə bilər.
Sığorta haqqı ödənildikdən sonra sığortalının sığorta müqaviləsində göstərdiyi mobil telefon nömrəsinə təsdiqləyici məlumat göndərilir.
Elektron sığorta müqaviləsi üzrə sığorta haqqını nağd qaydada sığorta vasitəçisinə ödəmək mümkündür, lakin bu halda sığorta vasitəçisinin ödənişi həyata keçirməsinə əmin olmalısınız. Belə ki bir daha xatırladırıq ki, sığorta müqaviləsi yalnız sığorta haqqı ödənildikdən sonra qüvvəyə minəcəkdir.
Sığorta haqqının ödənilməsi Bank, poçt, bank ödəmə terminalı vasitəsi ilə Hökumət Ödəniş Portalı üzərindən aparılır və ödəniş kodu ilə yanaşı sığortalının şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN parametrləri ilə də həyata keçirilə bilər.

Elektron sığorta müqaviləsinin etibarlılığını necə yoxlamaq olar?

Elektron sığorta müqaviləsi qüvvəyə mindiyi an sığortalının mobil telefon nömrəsinə təsdiqedici məlumat göndərilir. Təsdiqləyici SMS məlumatlandırma yalnız Büronun 9707 qısa nömrəli SMS xidməti vasitəsi ilə aparılır. Sığortalılar sığorta müqaviləsinin bağlanılması zamanı mobil telefon nömrələrinin müqavilədə düzgün göstərilməsini sığortaçıdan tələb etməlidir.
Büronun internet səhifəsindən http://services.isb.az elektron sığorta müqaviləsinin etibarlı olmasını yoxlamaq mümkündür.
Sığortaçı sığorta müqavilələrinin elektron sənəd formasında bağlanmasını təşkil edərkən “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17-1-ci maddəsində göstərilənləri təmin etməli, sığortalıya elektron müqaviləyə çıxış imkanı, həmçinin müqaviləyə baxmaq və çap etmək imkanı yaratmalıdır.

Elektron sığorta müqaviləsi kağız daşıyıcıda təqdim edilə bilər?

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanununa əsasən elektron sənəd daxili və xarici təqdimat formalarına malikdir. Elektron sənədin verilənlər daşıyıcısında yazılmış şəkli onun daxili təqdimat formasıdir və elektron sənədin əsli yalnız daxili təqdimat formasında ola bilər. Elektron sənədin verilənlər daşıyıcısından fərqli digər maddi obyektdə (displeydə, kağızda və s.) əyani qavranılan (vizual) şəkildə əks etdirilməsi onun xarici təqdimat formasıdir. Sığortalının istəyi ilə sığortaçı elektron sığorta müqaviləsini xarici təqdimat formasında yəni kağız daşıyıcıda sığortalıya təqdim edə bilər.

Sığorta müqaviləsinin elektron qaydada bağlanılmasının üstünlükləri nədən ibarətdir?

İcbari Sığortalar haqqında Qanunun 8.1-1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi yalnız informasiya sistemi vasitəsilə bağlandığı və bu sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Məlum olduğu kimi bəzi hallarda sığorta vasitəçiləri tərəfindən vətəndaşlara təqdim edilən şəhadətnamə blankları sistemə vaxtında daxil edilmir və ya ümumiyyətlə sistemə daxil edilmədən sığortalıya təqdim edilir. Nəticədə sığorta hadisəsi baş verdiyi halda sığortalı və sığortaçı arasında narazılıq yaranır. Yeni sistemə keçiddən sonra sığortalının mobil nömrəsinə müqavilənin etibarlılığı ilə bağlı Büronun 9707 qısa nömrəsindən sığorta haqqının ödənilməsi və sığorta müqaviləsinin qüvvəyə minməsi haqqında təsdiqləyici SMS daxil olacaqdır.
İcbari Sığortalar haqqında Qanunun 4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsi sığorta haqqının ödənildiyi gün, qrup halında sığorta zamanı isə sığorta haqqının ödənilməsindən 3 iş günü müddətində verilir. Bildiyiniz kimi, hazırda bəzi hallarda sığorta bazarında avtomobilin icbari sığorta müqavilələri sığortalılara xəbər edilmədən bağlanılır və daha sonra sığorta haqqının ödənilməsi üçün sığortalılara zəng edilir və onları narahat edirlər. Sığorta müqaviləsinin elektron qaydada bağlanılmasına keçiddən sonra sığorta haqqının ödənilməsi barədə sistemə məlumat avtomatik olaraq ötürüləcəkdir. Sığorta müqaviləsi yalnız sığorta haqqı ödənildikdən sonra qüvvəyə minəcək və nəticədə sığortalı sığorta haqqını seçdiyi sığortaçının hesabına köçürəcəkdir. 1 noyabr 2016-cı il tarixindən sonra isə sığortalı sığorta haqqını ödəmədiyi halda sığorta müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmayacaqdır.
Bildiyiniz kimi, hazırda bəzi hallarda sığorta vasitəçiləri tərəfindən sığortalıların məlumatları, yanlışlıqla və ya bilərəkdən sistemə səhv daxil edilir və sığorta haqqının hesablanması zamanı Bonus Malus prinsipləri nəzərə alınmır, həmçinin sığorta haqqının süni şəkildə azaldılması halları ilə də rastlaşırdıq. Sığorta müqaviləsinin elektron qaydada bağlanılmasına keçid ilə bu problem aradan qaldırılacaqdır, beləki Büronun informasiya sisteminin hüquqi və fiziki şəxslər haqqında olan məlumat bazası ilə inteqrasiyası nəzərdə tutulmuşdur. Sığorta müqaviləsinin bağlanılması üçün hüquqi şəxslərin VÖEN-i, fiziki şəxslərin isə şəxsiyyət vəsiqəsindəki seriya və fin nömrəsi sistemə düzgün daxil edilməlidir.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (İcbari avtomobil sığortası) nə üçün lazımdır?

Avtomobil idarə edən zaman hər bir kəs üçüncü şəxsin əmlakına və ya sağlamlığına zərər vurulması təhlükəsi ilə üzləşə bilər. Bu zaman hadisənin törədilməsində təqsirli bilindiyiniz halda qarşı tərəfə vurulan zərərin əvəzini ödəməli olacaqsınız. İcbari avtomobil sığortasının mövcudluğu Sizi bu öhdəlikdən azad edir.

Avtomobili bir neçə sürücü idarə edirsə, onların - hər birinin ayrıca İcbari avtomobil sığortası şəhadətnaməsi olmalıdırmı?

Xeyr. İcbari avtomobil sığorta müqaviləsinin qüvvədə olduğu - müddət ərzində sığortalıya aid edilən bütün hüquq və vəzifələr avtomobili istifadə edən digər sürücülərə də şamil edilir və hər bir sürücünün ayrıca İcbari avtomobil sığorta şəhadətnaməsinin olması tələb olunmur.

Üçüncü şəxslər dedikdə kimlər nəzərdə tutulur?

Üçüncü şəxs dedikdə, sığortalının hərəkət və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər başa düşülür. Fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Eyni zamanda, sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan şəxslər üçüncü şəxs hesab olunmur.

Üçüncü şəxsin avtomobilinə və ya digər əmlakına vurulan zərərə görə İcbari avtomobil sığortası ilə hansı sığorta təminatı verilir?

Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin avtomobilinə və ya digər əmlakına zərər vurularsa, bu zaman - 5000 manat-adək olan zərərin ödənilməsinə təminat verilir

Zərər bir neçə üçüncü şəxsin avtomobilinə və ya əmlakına vurulduqda sığorta ödənişi məbləği necə hesablanır?

Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin avtomobilinə və ya əmlakına zərər vurularsa və zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi 5000 manatı aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi ümumi sığorta məbləğinin (5000 manatın) ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.
Məsələn, yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəqliyyat vasitəsinə zərər vurulub. A nəqliyyat vasitəsinə dəyən zərər 2000 manat, B 3000 manat, C 1550 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, sığorta məbləği hesablanmış ümumi zərər məbləğinə bölünür və alınan rəqəm hər bir nəqliyyat vasitəsi üzrə hesablanmış zərər məbləğinə vurulur. Yəni,

5000/6550=0.76A=2000*0.76
B=3000*0.76
C=1550*0.76

Deməli, A nəqliyyat vasitəsinin sürücüsünə 1520 manat, B-yə 2280 manat, C-yə 1178 manat sığorta ödənişi veriləcəkdir.

Üçüncü şəxsin həyatına və ya sağlamlığına dəyən zərərə görə İcbari avtomobil sığortası ilə hansı sığorta təminatı verilir?

Sığorta hadisəsi nəticəsində fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manatadək olan zərərin ödənilməsinə təminat verilir.. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir:

zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi — 100 faiz;
zərərçəkənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi — 100 faiz;
zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ona əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması:
I qrup əlilliyə və ya 18 yaş tamam olana qədər sağlamlıq imkanlarının məhdudluğuna görə- 80 faiz;
II qrup əlilliyə və ya beş il müddətinə sağlamlıq imkanlarının məhdudluğuna görə- 60 faiz;
III qrup əlilliyə, iki il müddətinə və ya altı aydan iki ilə qədər müddətə sağlamlıq imkanlarının məhdudluğuna görə- 40 faiz;
əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz;
yüngül xəsarət alması – 15 faiz.

Sığortalının qəza törədib-törətməməsi icbari avtomobil sığortası üzrə sığorta haqqının məbləğinə təsir edirmi?

Bəli, təsir edir. Beləki, əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqları arta və ya azala bilər.

Bonus-malus sistemi nədir?

Bonus-malus sistemi-əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsallar tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir.

İcbari avtomobil sığortasının mövcudluğu nə ilə təsdiqlənir?

İcbari sığorta müqaviləsi bağlandıqdan sonra sığortaçı sığortalıya icbari sığorta şəhadətnaməsini təqdim edir ki, bu da müqavilənin bağlanma faktını təsdiq edir. Həmçinin, bununla bağlı Sizin mobil nömrənizə 9707 qısa nömrəsindən SMS gəlir.

İcbari avtomobil sığortası şəhadətnaməsinin qüvvəyə minməsi necə bilinir?

İcbari sığorta müqaviləsi yalnız “İcbari sığortalar haqqında” Azərbaycan Rеspublikasının Qanununda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Sığorta müqaviləsi ilə bağlı məlumatlar informasiya sisteminə daxil olunduqdan sonra bu barədə Sizin mobil nömrənizə 9707 qısa nömrəsindən SMS göndərilir.

İcbari avtomobil sığortası şəhadətnaməsi itdikdə nə etmək lazımdır?

Sığorta şəhadətnaməsi itdikdə və ya məhv olduqda -onun dublikatını almaq üçün sığortaçıya müraciət etmək lazımdır. Dublikata görə heç bir haqq ödənilmir.

İcbari avtomobil sığortası şəhadətnaməsinə vaxtından əvvəl xitam vermək olarmı?

Avtonəqliyyat vasitəsi satıldıqda sığortalının həmin müqaviləyə xitam vermək hüququ var.

Avtomobil digər şəxsə satıldıqda İcbari avtomobil sığortası şəhadətnaməsi qüvvədən düşürmü?

Müqaviləyə xitam verilmir. Lakin müqavilənin avtomobilin yeni sahibinin adına rəsmiləşdirilməsi məqsədə müvafiqdir.

Sığorta hadisəsi baş verdikdə nə etmək lazımdır?

Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə Dövlət Yol Polisinə hər hansı vasitə ilə xəbər verməlidir.

Sığortaçı sığorta ödənişinin verilməsindən hansı hallarda imtina edə bilər?

Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində xəbər verməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması;

- zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi;

müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;

sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;

sığortalının sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;

əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; bu zaman zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.

baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;

sığorta haqqının növbəti - hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, - və ya sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;

icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda.

Subroqasiya hüququ nədir?

Sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzini ödədikdə, subroqasiya hüququndan istifadə etməklə, ödədikləri sığorta ödənişini sığorta məbləği həddində sığortaçıdan tələb edə bilərlər.

Sığortaçının İcbari avtomobil sığortası üzrə subroqasiya hüququ hansı hallarda yaranır?

sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda;

sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı Dövlət Yol Polisi tərəfindən aparılan müayinədən boyun qaçırması;

icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə;

sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı.

sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda;

sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə;

Kompensasiya ödənişi nədir?

Əmlaka və sağlamlığa dəyən zərərə görə sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olmadığı hallarda İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişi verilir:
sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə (müflis olduqda);
naməlum avtonəqliyyat vasitəsilə üçüncü şəxsin sağlamlığına zərər vurulduqda;
icbari avtomobil sığortası mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda.

Kompensasiya ödənişi hansı məbləğdə ödənilir?

Kompensasiya ödənişləri müvafiq icbari sığorta növünə dair sığorta ödənişlərinin verilməsi üçün nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilir. Kompensasiya ödənişləri hesablanarkən hər hansı sığortaçı və (və ya) zərərə görə məsuliyyət daşıyan şəxs tərəfindən müvafiq zərərin əvəzinin ödənilməsi üçün zərərçəkənə verilmiş məbləğ çıxılır.

Kompensasiya ödənişi almaq üçün hara müraciət etmək lazımdır?

İcbari Sığorta Bürosuna müraciət edilməlidir Büroya müraciət üçün aşağıdakı məlumatlar diqqətinizə çatdırılır:

Bakı şəhəri (AZ 1009) , Bəşir Səfəroğlu küçəsi 133, «SAT Plaza», 11-ci mərtəbə;
Tel: 595-00-20; faks 595-00-30; GSM 050-283-80-83
E-mail: info@isb.az web: www.isb.az

Kompensasiya ödənişi almaq üçün hansı sənədlər tələb olunur?

Kompensasiya ödənişi almaq üçün aşağıdakı sənədlər İcbari Sığorta Bürosuna təqdim olunur:
zərərçəkən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa dəyən zərər üzrə xəsarətin dərəcəsi haqqında həkim arayışı, əlillik halında isə əlilliyin qrupunu, səbəbini və təyin edilməsi tarixini əks etdirən Tibbi Sosial Ekspert Komissiyasının arayışının surəti;
yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs öldükdə ölümün səbəbi haqqında tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətləri;
yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs sağlamlığına zərər dəyməsi üzündən 3 il ərzində öldükdə, onun ölümünün hadisə ilə səbəbli əlaqədə olmasını təsdiq edən tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətləri;
yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs öldüyü halda, onun ailə üzvlərinin kompensasiya ödənişinin alınmasına dair notariat qaydasında təsdiq edilmiş birgə ərizəsi.
sağlamlığa vurulan zərərlə əlaqədar zərərvuran tərəfindən zərərçəkənə hər hansı ödəmə həyata keçirildikdə bu ödəməni təsdiq edən sənəd;

Kompensasiya ödənişi hansı müddət ərzində verilməlidir?

Hadisə ilə əlaqədar sənədlərdən sonuncusunun İcbari Sığorta Bürosuna təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq Büro kompensasiya ödənişini verir, yaxud müraciət edən şəxsə kompensasiya ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verir.

Sığortaçı sığorta ödənişinin verilməsindən imtina etdikdə nə etmək lazımdır?

Sığortaçının sığorta ödənişindən imtina barədə qərarından və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda sığortalı sığorta nəzarəti orqanına və məhkəməyə şikayət etmək hüququna malikdir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti
Ünvan: Səməd Vurğun 83
Tel: +994 12 4044699 (daxili: 367, 252, 551, 466)
E-mail: sigorta@sigorta.maliyye.gov.az

Sığorta ödənişi hansı formada həyata keçirilir?

Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir):

zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;
sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi;
sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası;
sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi.

Sığorta ödənişi məbləği ilə razılaşmadıqda nə etmək lazımdır?

Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi müstəqil ekspert tərəfindən aparılır. Müstəqil eksperti sığortalının tələbi ilə sığortaçı təmin edir.

Sığorta ödənişini almaq üçün sığortaçıya hansı müddət ərzində müraciət etmək lazımdır?

Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya məlumat verməli və sığorta ödənişi almaq üçün yazılı sığorta tələbi ilə müraciət etməlidir

Yol nəqliyyat hadisəsinin təqsirkarı hadisə yerini tərk etmişdir və onu müəyyən etmək mümkün olmamışdır. Bu halda zərərçəkənlər kimdən ödəniş ala bilərlər?

Zərər vuran avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsi məlum olduğu halda, informasiya sistemi vasitəsilə sığortaçını müəyyən etmək və sığorta tələbi ilə həmin sığortaçıya müraciət etmək mümkündür. Sığortaçını müəyyən etmək mümkün olmadıqda baş vermiş hadisə ilə əlaqədar zərərvuran şəxsin müəyyən edilməsi məqsədilə hadisənin baş verdiyi ərazi üzrə polis idarəsinə müraciət olunmalıdır

Yol nəqliyyat hadisəsinin təqsirkarı sərxoş vəziyyətdə olmuşdur. Bu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edə bilərmi?

Xeyr, imtina edə bilməz. Qeyd olunan halda sığortaçı sığorta ödənişini həyata keçirməlidir. Bu zaman sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

Yol nəqliyyat hadisəsinin hər iki iştirakçısı təksirkar olduğu halda sığorta ödənişi necə verilir?

fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Fiziki şəxsin təqsirinin dərəcəsi Dövlət Yol Polisi tərəfindən müəyyənləşdirilir. Məsələn, hadisənin törədilməsində tərəflərdən birinin təqsiri 40%-dir. Deməli, həmin şəxsə 3000 manatadək, təqsirinin dərəcəsi 60% olan şəxsə isə 2000 manatadək sığorta ödənişi verilməlidir.

Yol nəqliyyat hadisəsi nəticəsində ölən şəxsə görə sığorta ödənişini kim ala bilər?

ölən şəxsin ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar)

Avtonəqliyyat vasitəsini İcbari avtomobil sığortası olmadan idarə edilməsinə görə hansı cəza nəzərdə tutulub?

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə:
- fiziki şəxslər on manat miqdarında, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda;
- hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

İcbari avtomobil sığortası üzrə sığorta ödənişi almaq üçün Dövlət Yol Polisinin arayışı lazımdırmı?

Aşağıdakı hallar istisna olmaqla sığorta ödənişi almaq üçün Dövlət Yol Polisinin arayışı tələb olunur:

Hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə;
hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda;
hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə;
hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.

İcbari avtomobil sığortası üzrə sağlamlığa dəyən zərərə görə sığorta ödənişini kim ala bilər?

Sığorta olunan və ya üçüncü şəxs sağlamlığına dəymiş zərərə görə sığorta ödənişini sağlığında tam və ya qismən almamışdırsa, ona verilməli olan sığorta ödənişinin məbləği və ya bu məbləğin qalan hissəsi faydalanan şəxs qismində onun ailə üzvlərinə ödənilir.

Sığortaçıya 15 gün əvvəl sığorta tələbi verilib, lakin sığortaçı bu günə kimi zərərin qiymətləndirilməsi üçün heç bir addım atmayıb. Belə halda mən nə edə bilərəm?

Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etməlidir, əks halda, sığortalı və sığorta olunan, həmçinin zərərçəkən şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir.

Əgər yol-nəqliyyat hadisəsinin təksirkarı mənəmsə, mənim avtomobilimə dəyən zərərin əvəzi məsuliyyətimi icbari sığortalayan sığortaçı mənə ödəniş verəcəkmi?

Xeyr. İcbari avtomobil sığortası ilə sığortaçı tərəfindən avtomobilinizin istismarı nəticəsində üçüncü şəxsin əmlakına və ya sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsinə təminat verilir.

Zərərvuran şəxs dəymiş zərərin əvəzini ödəmiş olduqda sığortaçı hansısa sığorta ödənişi verməlidirmi?

Zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir.
Məsələn, hadisə nəticəsində zərərçəkənə 2000 manat zərər dəyib və ona zərərvuran şəxs və ya zərərçəkənin könüllü avtomobil sığortası (kasko) olduğu halda həmin sığortaçı tərəfindən 1500 manat ödəniş verilib. Bu zaman zərərvuran tərəfin sığortaçısı qalan 500 manat məbləği zərərçəkənə ödəyir, eyni zamanda, ödənilmiş 1500 manatı sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya qaytarır.

Sığorta hadisəsi zamanı yol-iştirakçılarının icbari sığorta olunmasını necə bilmək olar?

Siz 9707 SMS xidmətindən istifadə edərək İcbari avtomobil sığortasının mövcudluğu barədə bilgi, həmçinin müqavilədə əks olunan digər məlumatları əldə edə bilərsiniz.
Bunun üçün mobil telefonunuzdan 9707 nömrəsinə avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını (məsələn: 10XX806, rəqəm və hərflər arasında məsafə buraxmadan) və ya icbari sığorta şəhadətnaməsinin nömrəsini (məsələn: PAT1100000001) yazıb SMS göndərin

Sığorta hadisəsi nəticəsində zərər dəymiş avtomobilin hansı servisdə təmir olunmasını kim müəyyən edir?

Sığorta hadisəsi nəticəsində zərər dəymiş avtomobilin təmir olunacağı servis müəssisəsi sığortaçının seçimi əsasında müəyyən edilir.

Əmlaka dəyən zərər üzrə sığorta ödənişi hansı qaydada həyata keçirilir?

Əmlaka dəyən zərərə görə sığorta ödənişinin faydalanan şəxsə birbaşa ödənilməsi, yaxud əmlakın təmir olunması, bərpası və ya yenisi ilə əvəz edilməsi sığortaçının seçimi əsasında həyata keçirilir.

Zərərçəkənin öldüyü, sığortalının öldüyü, xəsarət aldığı halda sığorta tələbini kim verir?

Zərərçəkənin öldüyü, sığortalının öldüyü, xəsarət aldığı halda sığorta tələbini onların ailə üzvləri verir.

İcbari avtomobil sığortası üzrə əmlaka dəyən zərərə görə sığorta ödənişini kim ala bilər?

Zərərçəkən şəxs. Eyni zamanda, vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin zərərçəkənin könüllü avtomobil sığortası (kasko) olduğu halda həmin sığortaçı tərəfindən ödənilərsə ödənilmiş zərər məbləğini subroqasiya qaydasında sığortaçıdan tələb edə bilərlər

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası hansı riskləri əhatə edir?

“İcbari sığortalar haqqında” qanunun 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq həmin avtonəqliyyat vasitəsini qanuni əsaslarla istismar edən istənilən şəxs (həmin avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni avtonəqliyyat vasitəsini icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən yaxud digər qanuni əsaslarla istismar еdən şəxs) üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Yəni avtomobildən qanuni əsaslarla bir neçə nəfər istifadə etdikdə onlardan yalnız biri sığortalanmalıdır. Onun sığortası bu avtomobilin bütün qanuni istifadəçilərinə şamil edilir. Icbari sığorta şəhadətnamələri İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə bağlanır ki, həmin informasiya sistemində də bir nəqliyyat vasitəsi ilə bağlı yalnız bir sığorta şəhadətnaməsi buraxmaq imkanı var.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı nə qədərdir?

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının məbləği Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 06 dekabr 2011-ci il tarixli, Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”na əsasən müəyyən olunur. Bu Qaydalara əsasən hazırki sığorta haqqının baza məbləği 50 manat müəyyən edilmişdir və mühərriki 1500 sm3-ədək olan minik avtomobillərinə tətbiq olunur. Avtomobilin mühərrikinin həcmi artdıqca, baza sığorta məbləğlərinə 1,5-dən 5-dək əmsallar tətbiq olunur. Həmçinin Bonus-Malus sisteminə görə, sığorta müqaviləsi bağlayan şəxslərin ödəməli olduqları sığorta məbləğlərinə onların “qəza tarixçələri” də təsir göstərir. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, yaxşı, yəni qəza törətməyən sürücülərin ödədiyi sığorta haqları hər il azaldılır, ilboyu qəza törədən və ödəniş alan digər sürücülərin ödədiyi sığorta haqqı isə artırılır. Bonus-malus sistemi hal-hazırda tətbiq olunmur. Avtonəqliyyat vasitəsinin növünə və Bonus-Malus sinfinə görə əmsallar yuxarıda adı çəkilən Qaydalarda göstərilmişdir.

“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə bağlı qanuna edilən dəyişikliklərə sürücülər hansı tarixdən əməl etməlidirlər? Keçən ildən sadə 10 manatlıq sığortanın vaxtı bitməyibsə, bu nəzərə alınırmı? Yəni köhnə sığortanın vaxtı bitəndən sonra sığorta etdirməliyik?

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsində göstərilir ki, həmin Qanunun qüvvəyə minməsindən əvvəl bağlanmış icbari sığorta müqavilələri həmin müqavilələrdə nəzərdə tutulmuş, müqavilələrin başa çatma müddətinədək qüvvəsini saxlayır. Beləliklə, sizin bağladığınız icbari sığorta müqaviləsinin vaxtı bitməyibsə, bu nəzərə alınır. Yəni həmin müqavilədə müəyyən olunmuş müddət bitdikdən sonra yeni icbari sığorta müqaviləsi bağlanmalıdır.

Bir şəxs üçün icbarı sığorta polisi yazılıb və həmin avtomobil digər şəxsə etibarnamə əsasında verilibsə, icbari sığorta polisi yenidən yazılmalıdırmı? Yəni bir maşın üçün iki icbarı sığorta polisi yazıla bilərmi?

“İcbari sığortalar haqqında” qanunun 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq həmin avtonəqliyyat vasitəsini qanuni əsaslarla istismar edən istənilən şəxs (həmin avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni avtonəqliyyat vasitəsini icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən yaxud digər qanuni əsaslarla istismar еdən şəxs) üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Yəni avtomobildən qanuni əsaslarla bir neçə nəfər istifadə etdikdə onlardan yalnız biri sığortalanmalıdır. Onun sığortası bu avtomobilin bütün qanuni istifadəçilərinə şamil edilir. Icbari sığorta şəhadətnamələri İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə bağlanır ki, həmin informasiya sistemində də bir nəqliyyat vasitəsi ilə bağlı yalnız bir sığorta şəhadətnaməsi buraxmaq imkanı var.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləği nə qədərdir?

İcbari sığortalar haqqında qanunun 56-cı maddəsində üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: - fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.

Mən avtomobili etibarnamə əsasında idarə edirəm. Bu avtomobili kim sığorta etdirməlidir? Mən özüm həmin avtomobili sığorta etdirə bilərəmmi?

Bəli. Belə ki, “İcbari sığortalar haqqında” qanuna əsasən avtonəqliyyat vasitəsini qanuni əsaslarla istismar edən hər hansı şəxs, yəni mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslərdən biri həmin avtonəqliyyat vasitəsini sığorta etdirməlidir. Beləliklə, siz etibarnamə əsasında idarə etdiyiniz avtomobili sığorta etdirə bilərsiniz.

Avtomobilim sığortalıdır və mən onu satmaq istəyirəm bu halda sığorta müqaviləsinə xitam veriləcəkmi?

“İcbari sığortalar haqqında” qanunun 51.3-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək hüququ var.

Avtomobilimi icbari qaydada sığorta etdirmək üçün nə etməliyəm?

Siz avtomobilinizi icbari sığorta etdirmək istəyirsinizsə, bunun üçün sığorta müqaviləsi bağlamalısınız. Yalnız İcbari Sığorta Bürosunun iştirakçıları olan 8 sığorta şirkəti vətəndaşlarla bu sığorta müqavilələrini bağlamaq səlahiyyətinə malikdir. Sığorta müqaviləsini ya birbaşa İcbari Sığorta Bürosunun iştirakçıları olan həmin sığorta şirkətlərindən birinə getməklə, ya da sığorta vasitəçisi vasitəsilə bağlaya bilərsiniz. Sığortaçı sizə müqavilənin bağlanmasının təsdiq edən rəsmi sənəd-şəhadətnamə təqdim etməlidir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlamaq səlahiyyətinə malik olan sığorta şirkətlərinin əlaqə məlumatlarını İcbari Sığorta Bürosunun rəsmi internet saytından əldə edə bilərsiniz. (www.isb.az)

Salam. Xahis edirem qaz 24 Volga 1976 il avtomobil ucun icbari sigorta haqqini aciglayasiniz. Nagliyyat vasitenin 2 sexs istifade edir. Hormetle Sevin H

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 06 dekabr 2011-ci il tarixli, Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”na əsasən qeyd etdiyiniz nəqliyyat vasitəsi üçün hesablanmış icbari sığorta haqqının məbləği 100 manat təşkil edir. Avtomobildən qanuni əsaslarla bir neçə nəfər istifadə etdikdə onlardan yalnız biri sığortalanmalıdır. Onun sığortası bu avtomobilin bütün digər qanuni istifadəçilərinə şamil edilir.

Dövlət yol polis idarəsinə muraciyət etdim, mənə sizin e-mail ünvannizi verdilər. ona görə sualımı sizə yönəldirəm. Mən 2011-ci ilin dekabr ayında Azpetroldan icbari sığorta əldə etdim.Hal hazırda həmin sığorta ilə avtomobili idarə etməyim nə dərəcədə qanunidi, və bilmək istəyirəm ki yuxarıda qeyd olunan sığorta ilə hansısa inzibati məsuliyyətə cəlb oluna bilərəmmi ? Əvvəlcədən öz minnətdarlığımı bildirirəm.

Nəzərinizə çatdırırıq ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunu 18.10.2011-ci il tarixdən qüvvəyə minib və 2011-ci ilin dekabr ayının 16-dan etibarən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqavilələri (şəhadətnamələri) İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə bağlanmağa başlanılıb. Odur ki, 18.10.2011-ci il tarixdən 15.12.211-ci il tarixədək bağlanmış icbari sığorta müqavilələri (şəhadətnamələri) etibarsız sayılır. 16 dekabr 2011-ci il tarixdən etibarən Büronun informasiya sistemi vasitəsilə bağlanmış və onun informasiya ehtiyatlarında mövcud olan sığorta müqavilələri (şəhadətnamələri) isə etibarlıdır.

Sorğu

Yeni saytımızı bəyənirsiniz mi ?

Səs ver Nəticə
Geri