İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlamalı olan şəxslər:

Aşağıdakılar İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar:

  1. Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri;
  2. dövlət orqanları;
  3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
  4. seçkili orqanlar;
  5. fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmalı olan şəxslər:

Aşağıdakılar İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmalıdırlar:

  1. Hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri və andlı iclasçılar, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla);
  2. məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla);
  3. istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər;
  4. müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular;
  5. təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər;
  6. fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də («Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi dövlət sosial sığortasına cəlb olunmayan əcnəbilər istisna olmaqla) İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmalıdırlar.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə sığorta haqqı xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanan bir illik əmək haqqı fondunun sığorta tarifinə hasili əsasında müəyyən edilir.

Peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq fərqləndirilən sığorta tarifləri aşağıdakı kimi müəyyən edilir:

1. Qulluqçular üçün 0.2-0.5% arasında.

2. Fəhlələr üçün 0.4-2.0% arasında.

Sığorta haqqı sığortalı tərəfindən sığortaçıya müqavilə ilinin əvvəlində icbari sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada hissə-hissə və ya birdəfəlik ödənilir.

İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta olunanların kateqoriyalarında və peşə riski dərəcəsində, həmçinin əmək haqqı fondunda dəyişikliklər baş verərsə, sığorta haqqı bu dəyişikliklərin tarixindən müvafiq müqavilə ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə yenidən hesablanmalıdır.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə sığorta məbləği  müvafiq icbari sığorta müqaviləsi üzrə sığortaçının öhdəliyinin son həddidir və sığorta olunanın yaşı, illik əmək fondu nəzərə alınmaqla müvafiq qaydada hesablanır.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta hadisəsi – icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Qanun”a görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan haldır.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə sığorta ödənişləri aşağıdakı hallarda həyata keçirilir:

1.İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində ölüm;

2.İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə aşağıdakı sığorta ödənişləri verilir:

      1. Aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır.

     2. Birdəfəlik sığorta ödənişi İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir:

–  sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edildikdə;

–  sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda

–  sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından öldükdə.”;

  1. Əlavə sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzinin ödənilməsinə görə verilən pul təzminatıdır.

Sığorta ödənişini almaq üçün sığorta tələbi və müvafiq sənədlərin təqdim edildiyi tarixdən 10 iş günü ərzində (sığorta olunan öldükdə isə 2 iş günü ərzində) sığortaçı sığorta ödənişinin verilib-verilməməsi barədə qərar çıxarır və bu barədə faydalanan şəxsə rəsmi məlumat verir.

Sığorta ödənişindən imtinanın əsasları:

1.sığorta hadisəsi sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərinin nəticəsi olduqda;

2.sığorta hadisəsi sığorta olunanın əmək funksiyalarını icra edərkən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən sərxoş vəziyyətdə olması halında baş verdikdə;

3.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddələrinə uyğun olaraq sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda.

Sorğu

Yeni saytımızı bəyənirsiniz mi ?

Səs ver Nəticə
Geri