Xəbərlər

İSB ləğv edilmiş sığorta şirkətinin icbari sığorta müqavilələri üzrə öhdəliklərinin icrasına davam edir

Ötən il lisenziyası ləğv edilmiş “Alfa Sığorta” ASC tərəfindən rəsmiləşdirilmiş icbari sığorta müqavilələri ilə əlaqədar daxil olan sığorta tələbləri üzrə İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişlərinin verilməsi davam edir. Belə ki, cari ilin fevral ayından etibarən həyata keçirilən proses çərçivəsində sözügedən şirkətin vaxtilə bağladığı icbari sığorta müqavilələri üzrə Büroya 146 sığorta tələbi daxil olmuş, bu tələblərin 130-u təmin edilmiş, üç sığorta tələbi üzrə kompensasiyaların verilməsindən isə qanuni əsaslarla imtina edilmişdir. Daha 13 tələb üzrə müraciətlərə hazırda baxılmaqdadır.

Büro tərəfindən təmin edilmiş sığorta tələbləri üzrə indiyədək ödənilmiş kompensasiyaların ümumi məbləği 211 689 AZN təşkil etmişdir. Bunun 193 601 manatı nəqliyyat vasitələrinə dəymiş zərər üzrə, 10088 manatı əmlaka dəyən zərər üzrə, 8000 manatı isə sağlamlığa dəyən zərər üzrə verilmiş kompensasiyalar olmuşdur.

İcbari Sığorta Bürosu bir daha vətəndaşların nəzərinə çatdırır ki, ləğv olunmuş “Alfa Sığorta” ASC tərəfindən rəsmiləşdirilmiş və hazırda qüvvədə olan icbari sığorta müqavilələri üzrə müqavilə müddətləri başa çatanadək yaranacaq bütün öhdəliklər Büro tərəfindən təmin ediləcək.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən, sığortaçı bağladığı icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə, Büro tərəfindən kompensasiya ödənişi verilir.

Xəbərlərə abunə ol