Xəbərlər

İSB: avtomobil sahibləri icbari sığorta əldə edərkən bunlara diqqət etsin

İcbari Sığorta Bürosu (İSB) icbari sığorta müqaviləsi əldə edərkən avtomobil sahiblərinin riayət etməli olduqları bir sıra tövsiyələri diqqətə çatdırır:

        1. İcbari sığorta müqaviləniz üzrə ödəməli olduğunuz sığorta haqqının məbləğini öyrənmək üçün hesabla.isb.az elektron xidmətindən istifadə edin.

Bunun üçün ilk öncə sığorta şirkətinizə müraciət edərək Bonus-Malus əmsalınızı öyrənməyiniz lazım olacaq. Daha sonra https://hesabla.isb.az veb-saytına daxil olaraq sığorta haqqınızı asanlıqla özünüz hesablaya bilərsiniz.

Qeyd etmək lazımdır ki, gələcəkdə Bonus-Malus əmsalının daha rahat və elektron üsullarla öyrənilməsi üçün İSB tərəfindən hazırda müvafiq işlər aparılır.

        2. İcbari sığorta müqaviləsini əldə edərkən dələduz “vasitəçilərin” toruna düşməyin. Sığorta şirkətinizdən və ya vasitəçinizdən icbari sığorta müqavilənizə dair sistemdən çıxarışı tələb edin.

İcbari sığorta müqavilənizi birbaşa seçdiyiniz sığorta şirkətinə müraciət etməklə və ya sığorta vasitəçisinin köməyilə əldə edə bilərsiniz. Sığorta şirkətindən icbari sığortanı əldə etmək üçün şirkətin veb-saytında olan onlayn xidmətlərdən yararlanmaq və ya şirkətin ofisinə yaxınlaşmaq olar. Sığortanızı vasitəçinin (sığorta agenti və ya brokeri) köməyilə əldə etmək istəyirsinizsə, bu halda da sizin iki seçiminiz var – siz İnternetdə icbari sığorta satışı üzrə onlayn xidmət göstərən vasitəçilərə və ya müştəri ilə üz-üzə icbari sığorta satışı təklif edən vasitəçilərə müraciət edə bilərsiniz. Təsvir edilmiş hər iki üsulla – birbaşa sığorta şirkətinə müraciət edərək və ya vasitəçinin xidmətlərindən istifadə edərək – icbari sığorta müqaviləsinin əldə edilməsi qanuni və yolveriləndir və hər iki halda da icbari sığorta müqaviləniz üzrə ödəməli olduğunuz sığorta haqqının məbləği eynidir və qətiyyən fərqlənə bilməz.

Sığorta vasitəçisindən icbari sığorta alarkən avtomobilinizə dair məlumatların (dövlət qeydiyyat nömrəsi, marka və modeli, şassi və mühərrik nömrələri) və özünüzə aid məlumatların (şəxsiyyət vəsiqənizin seriya və nömrəsi, mobil telefonunuzun nömrəsi) sistemə doğru daxil edildiyindən əmin olun. Bunun üçün müqaviləni bağladıqdan sonra vasitəçidən sistemə daxil edilmiş məlumatlarınıza dair kağız daşıyıcıda çıxarışı sizə təqdim etməsini tələb edin və məlumatlarınızı şəxsən yoxlayın. Bu sizin hüququnuzdur. Xüsusilə bilmək vacibdir ki, sistemə daxil edilən məlumatlarda məhz sizin mobil telefon nömrənizin qeyd edilməsi mütləqdir, əks halda müqavilə üzrə sığorta haqqını ödəmək üçün sistem tərəfindən SMS-lə göndərilən ödəniş kodunu ala bilməyəcəksiniz. Bəzi vasitəçilər bundan istifadə edərək vətəndaşın müqaviləsinə öz telefon nömrələrini daxil edir və ödənişlə bağlı bütün məlumatlar da onun nömrəsinə gəldiyindən, bundan sui-istifadə edərək vətəndaşın pulunu qeyri-qanuni şəkildə mənimsəyir.

        3. Sığorta haqqının ödənilməsi məqsədilə heç kimə əlbəəl pul verməyin. Sığorta haqqını İnternet və ya ödəniş terminalları vasitəsilə özünüz ödəyin, belə etməklə ödəniş prosesinə özünüz nəzarət etmiş olacaqsınız.

Bu xüsusilə diqqətə alınmalı bir məsələdir, belə ki bilmək lazımdır ki, icbari sığorta müqaviləsi vətəndaşla sığorta şirkəti arasında bağlanılır və müqavilənin də qüvvəyə minməsi üçün bir qayda olaraq sığorta şirkətinin hesabına sığorta haqqının ödənilməsi tələb olunur. Ölkəmizdə icbari sığorta əldə edərkən birbaşa sığorta şirkətinə deyil, sığorta vasitəçilərinə üz tutulması daha geniş yayılmışdır. Bu zaman vasitəçilər sığorta şirkəti ilə vətəndaş arasında sadəcə əlaqələndirici rolunu oynayır və bu proses çərçivəsində bir çox avtomobil sahibi ödəməli olduqları icbari sığorta haqqını əlbəəl vasitəçilərə təhvil verirlər. Əksər sığorta vasitəçilərinin öz işinə peşəkarlıqla və dürüst yanaşmağa çalışmasına baxmayaraq, zaman-zaman bəzi dırnaqarası “vasitəçilər” də peyda olurlar ki, onların da məqsədləri öz müştərilərinə keyfiyyətli xidmət göstərmək deyil, digərlərinin hesabına qanunsuz gəlir əldə etməkdən ibarət olur. Belə şəxslər vətəndaşın məlumatlarını sistemə qəsdən yanlış daxil edə və ya sığorta haqqı olaraq vətəndaşdan aldığı vəsaiti sığorta şirkətinin hesabına keçirməyə bilirlər. Adətən vətəndaşın belə hallardan xəbəri olmur və hətta bəzi hallarda əlbəəl pul verdiyi “vasitəçinin” həmin vəsaiti qeyri-qanuni mənimsəməsi nəticəsində icbari sığortasının qüvvəyə minməməsindən belə xəbərsiz olur. Nəticədə isə vətəndaş daha ağır nəticələrə (sığortasız sürücülüyə görə cərimələrin yazılması, yol-nəqliyyat hadisəsi zamanı sığorta ödənişindən imtina və s.) qatlanmaq məcburiyyətində qalır.

Bu baxımdan, sığorta haqqının ödənilməsini vasitəçinizə həvalə etmisinizsə, ödənişin edilməsindən əmin olmaq üçün ödənişi təsdiqləyən qəbzi tələb etmək hüququnuzdan istifadə edin.

Vətəndaşlar öz icbari sığorta haqlarını Hökumət Ödəniş Portalı (www.gpp.az), sığorta şirkətlərinin veb-saytları və digər onlayn ödəniş saytları, eləcə də “MilliÖn” və “ExpressPay” terminalları vasitəsilə müstəqil şəkildə ödəyə bilər. Sığorta haqqınızı özünüz ödəməklə ödəniş prosesinə şəxsən nəzarət etmək imkanı əldə edirsiniz.

      4. Yalnız lisenziyalı sığorta vasitəçiləri ilə əməkdaşlıq edin.

Yuxarıda təsvir edilən arzuolunmaz vəziyyətlərlə qarşılaşmamaqdan ötrü İSB avtomobil sahiblərinə icbari sığorta müqaviləsi əldə etmək üçün yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) verdiyi müvafiq lisenziya əsasında fəaliyyət göstərən sığorta vasitəçilərinə müraciət etməyi tövsiyə edir. Sığorta vasitəçiliyi lisenziya tələb edən fəaliyyət sahəsidir və lisenziyası olmayan şəxslər bu fəaliyyətlə məşğul ola bilməz. Əməkdaşlıq etdiyiniz sığorta vasitəçisinin lisenziyasının olmasını müəyyənləşdirmək üçün MBNP-nin veb-saytında açıqlanan lisenziyalı sığorta vasitəçilərinin reyestrində (https://www.fimsa.az/az/registry-insuarance) həmin şəxsin məlumatlarının olub-olmamasını yoxlaya bilərsiniz.

Beləliklə, yuxarıda sadalanan tövsiyələrə əməl etməklə özünüzü fürsətcil sığorta dələduzlarından qorumuş olacaqsınız.

Xəbərlərə abunə ol