Xəbərlər

Cari ilin ilk rübündə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 215 572 elektron icbari sığorta müqaviləsi bağlanmışdır

2017-ci ilin birinci rübü ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 215 572 elektron sığorta müqaviləsi qeydiyyata alınmışdır. Bunların 29808-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 16 849 376 manat təşkil etmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 10,2% azalma, sığorta haqlarının məbləğində isə 16,6% azalma müşahidə edilmişdir.

1 noyabr 2016-cı il tarixindən etibarən  avtomobillər üçün  icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılmasına başlanılmışdır. 1 noyabr tarixinədək kağız daşıyıcıda bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixədək qüvvədədir.

Hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah” Sığorta Şirkəti ASC, “Standard İnsurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC, “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İPƏK YOLU SIĞORTA” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.

Xəbərlərə abunə ol