Xəbərlər

01 aprel 2016-cı il tarixindən Azərbaycan Avropa İqtisadi Zonası ölkələri və İsveçrə ilə Yaşıl Kart sistemi çərçivəsində fəaliyyətə başlayacaq.

İcbari Sığorta Bürosunun Yaşıl Kart sisteminin idarəedici təşkilatı olan Bürolar Şurasından 26 Fevral 2016-cı il tarixində aldığı məktuba əsasən İsveçrə və Avropa İqtisadi Zonasına daxil olan ölkələrin Yaşıl Kart Büroları ilə sənədlərin qarşılıqlı tanınmasına dair bağlanmış ikitərəfli sazişlərin qüvvəyə minmə tarixi 01 aprel 2016-cı il tarixinə müəyyənləşdirilmişdir. Həmin tarixədək tərəflər Yaşıl Kartların mövcudluğuna və etibarlılığına nəzarət edən ölkədaxili aidiyyəti qurumlara və sərhəd-keçid məntəqələrinə bu barədə məlumat verməlidirlər.

 01 aprel 2016-cı il tarixindən etibarən Azərbaycan Respublikasının vətəndaşları Avropa İqtisadi Zonasına daxil olan ölkələr, həmçinin İsveçrə, Tunis, Bosniya və Hersoqovina, Makedoniya, Monteneqro, Türkiyə, İran İslam Respublikası, Moldova, Ukrayna, Andorra Knyazlığı, Albaniya və Mərakeş Krallığına avtonəqliyyat vasitəsi ilə səyahət edərkən Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığorta şirkətlərindən Yaşıl Kartları ala bilərlər. Eyni zamanda qeyd olunan ölkələrin vətəndaşları da avtonəqliyyat vasitəsi ilə Azərbaycana səyahət etdikdə öz ölkələrindən Yaşıl Kartları əldə edə bilərlər.

 Rusiya Federativ Respublikası, Belarus Respublikası və İsrailin Yaşıl Kart büroları İcbari Sığorta Bürosu ilə ikitərəfli sazişləri imzalamadıqları üçün Azərbaycanda qeydiyyatda keçmiş nəqliyyat vasitələri bu ölkələrə səyahət etdikdə həmin ölkələrdə etibarlı olan Azərbaycan Yaşıl Kartlarını əldə edə bilməyəcəklər və nəticə etibarilə həmin ölkələrə daxil olarkən bu ölkələrin sərhəd sığorta  müqavilələrini almalıdırlar. Eynilə, həmin ölkələrdə qeydiyyatdan keçən nəqliyyat vasitələrinə münasibətdə  Azərbaycanda etibarlı olan Yaşıl Kartların rəsmiləşdirilməsi mümkün olmadığına görə, bu nəqliyyat vasitələri Azərbaycana daxil olarkən “İcbari sığortalar haqqında” qanunda nəzərdə tutulmuş sərhəd sığorta müqaviləsini bağlamalı olacaqlar.

 

Xəbərlərə abunə ol